Mirzə Hacıyev BİR QƏZƏLDƏ YATAN SİRR -5- (ariflər üçün) beşinci hissə
(ariflər üçün)
beşinci hissə
Biz insanlar canlılığı öz arşınımızla ölçürük; yalnız insan, heyvan və bitki aləmini canlı hesab edirik, çünki doğulan-yaşayan-ölən bunlardır. Halbuki bu cahanda mövcud olan hər şey — Ay da, Günəş də, ulduzlar da, qum zərrəsi də, daş, torpaq da canlıdır. Onlardakı can canlılığın bir başqa tipidir və Qurani-Kərim deyir ki, onlar da Allahı zikr edirlər, sadəcə, biz bu cür canlılığı qavraya bilmirik. Adəmin cənnətdəki canlılıq tipi də başqadır, vücudu bizimkinə bənzəməz deyə biz o cür canlılığı da qavraya bilmərik. Allahın canlılığı isə tam başqadır, onu, ümumiyyətlə, təsəvvürümüzə gətirə bilmərik, insan idrakı xaricindədir. Nə canlıdır-nə cansız,həm canlıdır-həm cansız, Əzəlidir-Əbədidir, Başlanğıcdır-Sondur. Konkret vücuda malik deyil deyə bənzəri yoxdur; “la hü və la qeyrihu”, yəni bu nə odur, nə də qeyrisidir. Canlılığı yanlışlıqla yalnız doğulan-yaşayan-ölən kimi qavramışıq deyə özümüzü yalnızca Yer kürəsi həyatına bağlayaraq maddi məkanda, bütün sidrətül-müntəha içində fikrən özümüzü qalan hər şeydən təcrid etmişik. Adəm bu yanlış təsəvvürə üsyan edir Nəsiminin diliylə. Cənnətdən çıxarılan Adəm hansı məkana qoyulmalıydı? Digər Mübarək Adların təzahürü olan on səkkiz min aləmlərin hansına yerləşdirilməliydi? Cənnətdə günah işləyən varlıq o aləmlərdə də günah işləməyəcəkdimi? Günah işləyə-işləyə birisindən çıxarılıb digərinə salınmaqla məkan-məkan gəzdirilməliydimi? Mübarək Adların təzahüründən başqa da məkanlar yoxdur sonsuzluqda. Allahın nüfuz etmədiyi bir boşluq, bir heçlik də yoxdur ki, Adəm oraya salınsın. Bu üzdən Adəmin özündən Allah yeni məkan və saysız cisimlər yaratmışdır ki, özü öz içində yaşasın və Qiyamətə qədər zaman təyin etmişdir bu fani məkanın mövcudluğuna. Nəsimidən iki yüz il əvvəl yaşamış məşhur sufi alimi Mühyiddin Ərəbiyə görə maddi aləm Ərşi-Alidən kənarda deyildir, cənnət məkanı əhatəsindədir; bu iki məkan iç-içə, konsentrik çevrələr halındadır ki, son dərəcə kiçiyi sidrətül-müntəha çevrəsidir, böyüyü isə Ərşi-Ali çevrəsi. O zaman belə bir haqlı sual yarana bilər ki, əgər qovulmuş varlıq yenə də cənnət içində yaşayacaqdısa niyə onun qovulmasından söhbət gedir? Məsələ bundadır ki, həmin varlıq, yəni maddi məkana çevrilmiş Adəm artıq sidrətül-müntəha sərhədi ilə cənnətdən ayrılmış, təcrid olunmuş haldadır birinci kiçik çevrənin içində. Cənnətə bir daha ayağı dəymirsə, cənnətə həsrət qalmışsa,demək, oradan çıxarılmış, qovulmuşdur. Həmin çevrələrin niyə məhz konsentrik, yəni radiusları müxtəlif olsa da mərkəzləri bir olan çevrələr kimi düşünüldüyünün cavabı isə bəllidir; toxunmaları Adəmlə Həvvaya qadağan edilmiş ağac cənnətin tən ortasındaymış. O ağaca toxununca əbədi yaşamağa uyğun vücudlarının ilkin maddiləşməsi oradaca baş vermiş, “örtülü övrət yerləri bir-birisinə görünmüşdür”. Cənnətdən qovulmaq bundan dərhal sonra olmuşdur; Nəsimi həqiqətinə görə Allahın əmrilə vücuddan maddi məkan və içindəki maddiliklər o an yaradılmış və o məkana Qiyamətə qədər zaman verilmişdir. Həmin o zaman anlayışının özü də fanidir, çünki yalnızca bu məkana aiddir, bu məkanın içindədir, səma cisimlərinin dövri hərəkəti ilə ölçürük onu; yəni Adəmin içindəki zamanı Adəmin içindəki öz hissələri ilə ölçürük. Bu məkan sidrətül-müntəha ilə bitdiyi kimi zaman da orada bitir, ondan o yana cənnət məkanında zaman yoxdur. Bu zamanın da var olmağı bu məkanla birlikdə Qiyamət günündə yox olacaq. Yəni bizim zaman ölçümüzlə Qiyamətə qədər müddəti var bu məkanın, Allah üçün isə həmin bu müddət əbədiyyət boyunca uzanan bir tək anın içindədir. Günəş kimi, ətrafına dönən planetlər kimi milyardlarla səma cisimlərindən oluşan ulduz sistemlərinin sayı da milyardlarladır, onların hamısı ayrı-ayrı Qalaktikalar şəklində maddi məkanın mərkəzindəki olduqca böyük bir çismin ətrafında hərlənir; işıq sürəti ilə gedəsi olsaq həmin o mərkəzə trilyard dəfə trilyarddan qat-qat çox işıq ilində çata bilərik. Hətta o Qalaktikaların hamısı mərkəzdəki həmin o olduqca böyük cisimlə birləşib
vahid bir cisim əmələ gətirə bilsəydilər belə Adəm hələ o olmazdı; o ondan da qat-qat böyükdür, çünki həmin o vahid cisimlə sidrətül-müntəha arasında mühit qalmış olacaqdı. Bax o mühitlə birlikdə o böyük cisim Adəm böyüklükdədir. Sidrətül-müntəhanı xəyalən bir çevrə kimi təsəvvür etsək, Adəm sidrətül-müntəhanın içi böyüklükdədir. Bu məkanda bir tək o böyük, vahid cisim və mühit qalsa da zaman bitməz, çünki ulduzların bir-birləri ətrafına dönmələri müddəti zamanın özü deyildir ki, hamısı bir yerə toplaşıb o dövri hərəkətlərini bitirsələr zaman da bitsin. Zaman maddənin içindədir, bu məkan yaradıldığında cisimlərin ruhuna, daha doğrusu, enerjisinə yüklənmişdir. Enerji dediyimiz şey ruhun bəyanıdır, maddə isə o enerjinin özüdür, onun sükunət halıdır, kifayət qədər böyük sürətlərdə görünməz olar, enerjiyə, əvvəlki halına dönər. İlkin yaradılış zamanı Adəmin nəhəng vahid cisminin görüntüsü olan nəhəng enerjisinin sükunətdə olmayan qismi isə sidrətül-müntəha içəriisindəki bütün mühiti doldurmaqdadır; cisimlərin içindəki kiçik zamanlardan fərqli olaraq bütün mühiti dolduran o böyük enerjinin içindəki həmin o zaman böyük zamandır. Zaman ruhun bəyanı olan enerjiyə mövcudluq müddəti kimi, onda baş verəcək proseslərin proqramı kimi yüklənmişdir. Enerjinin bir halda mövcudluq müddəti bitərsə bəyan tipi dəyişər, yəni başqa enerjiyə çevrilər, amma itməz, yox olmaz. Yalnız Qiyamət günü yox olar bütün digər görüntülər kimi. O gün Allah bütün bu aləmdəki cisimlərin və boşluq dediyimiz mühitin içindən həmin o zaman yükünü bir andaca çəkər və bu maddi aləm bir göz qırpımındaca yox olar. Ona görə də onu özləriinin ölçüsündə hesab edən insanlara qəzəblənir Adəm, bu böyüklükdəki sidrətül-müntəha içindəki o böyük zamanın yerləşdirildiyi məkan ölçülərində olduğu halda insanların onu öz kiçicik “dəhr”lərinə, kiçicik zaman dünyalarına, yəni Yer planetinə sığdırmalarını lətifə adlandırır. “Can ilə həm cahan mənəm, dəhr ilə həm zaman mənəm. Gör bu lətifeyi ki, mən dəhrü-zəmanə sığmazam”.
Bax, bütün bu danışdıqlarım elə böyük həqiqətdir ki, Adəm Nəsiminin diliylə digər bir şerdə belə deyir: ” Yüz yaşında ruhban görsə gərdəninin ağını. İncili suya buraxar, vaz gələr xaçdan keçər”. Ruhban xristian keşişidir, yeni doğulmuş körpələr xristian olsunlar deyə onları xaç suyuna salıb çıxarar. Həqiqətin göz qamaşdıran parlaqlığı isə rəmzi olaraq gözəlin gərdəninin, sinəsinin ağlığına bənzədilmişdir. Yəni bu həqiqət elə parlaqdır ki, yüz yaşına qədər körpələri xaç suyuna salıb çıxarmağı doğru iş bilən bir keşiş də onu görsə haqqa gəlib körpəni yox, İncilin özünü təhrif olunmuşdur deyə suya buraxar, xaçını tullayar. Və ya: “Hacılar həccə gedərkən çöldə görsələr səni. Heyran olub mat qalarlar, vaz gəlib həccdən keçər”. Yəni həccin anlamı Kəbə ətrafında dolanmaqda, Səfa-Mərvə arasında qaçmaqda, qurban kəsməkdə deyil. Həqiqəti dərk etmədən icra edilən bu əməllər, sadəcə, dini mərasimlərdir.
Bu həm də ona görə böyük həqiqətdir ki, əsrlərin arasından keçərək bu günümüzə qədər də nəinki yaşaya bilmişdir, hətta bu elm-texnologiya əsrində bu həqiqət əsasında xristian alimləri tərəfindən “Qaynar kainat” modeli deyə Böyük Partlayış nəzəriyyəsi də yaradılmışdır. Bu nəzəriyyənin əsasında da Kainatdakı bütün cisimlərin bir tək maddədən yaradılması durur. Bu nəzəriyyəyə görə bəlli olmayan guya bir tək şeydir: o tənha
cismi kim yaradıb? Qalan hər şey isə guya bəllidir; ölçüsü santimetrin trilyonda bir hissəsi qədər kiçik olan bir zərrəciyin içində baş verən partlayışdan sonra bir-birini əvəzləyən proseslər nəticəsində bir göz qırpımındaca bütün Kainatı dolduran səma cisimləri yaranmışdır. Başqa necə deyə bilərlər? Desələr ki, həmin o cisim mikrob boyda yox, sidrətül-müntəha böyüklükdə olan Adəmin özü olub, “Böyük partlayış” nəticəsində vücudundan bu maddi məkan əmələ gəlib, buna artıq yeni yox, Nəsimidən oğurlanmış nəzəriyyə deyə bilərlər axı.
Görəsən, Nəsimi qəzəllərini birinci şəxsin deyil, üçüncü şəxsin təkində yazmış olsaydı, yəni “Adəmdə sığar ikən cahan, O bu cahana sığmaz” desəydi yenə dəmi avam, cahil kütlə ona qarşı qalxardı? Ola bilsin ki yox. Amma ilahi həqiqəti dərk edib kamilliyin zirvəsinə çatmış şair bütün digər qəzəllərində də “Mən”in, birinci şəxsin təkinin dilində danışır. Çünki o, həzrət Adəm haqqında danışmır, onun özü imiş kimi danışır. Niyə? Çünki ağılla, qəlblə kamilliyin zirvəsinə yetənlər cismən olmasalar da ruhən həzrət Adəmin özü olmuş olurlar. Ona görədir ki, şair “Onda sığar…”, ”Adəmdə sığar…”, ”İlk insanda sığar…” demir, ”Məndə sığar ikən cahan, mən bu cahana sığmazam” deyir. Yəni mən kamilləşib həzrət Adəm həqiqətini dərk etmişəmsə o elə mənəm. Yəni Nəsimi öz şair təxəyyülündə Adəmi bir ədəbi obraz kimi xəyal etməmişdir, Adəm özü Nəsiminin dili ilə danışmışdır. Əbədilik vəd olunan cənnət məkanının içindəkilərdən birisi olduğu üçün Adəm də əbədi var olanlardandır. Əbədi olan hər şey isə həqiqidir, bu maddi cahanımızdakı hər şey Allahın əmrilə o həqiqinin, həqq olanın maddiləşməsi, görüntüsüdür. Demək, Nəsimi özü də o maddiliklərdən biri olduğu üçün o həqiqi, həqq olan Adəmin maddiləşmələrindən,sadəcə, birisidir. Vücud olaraq Nəsiminin görüntüsü “insanü-bəşər”dir. İçindəki ruh da bütün o maddiliklərin hər birisinin içindəki ruhun eynisidir, Adəmin içindəki ruhun eynisidir. İlahidəndir. Sadəcə, maddiliklər içində o dövrdə ən kamili Nəsimi imiş deyə Adəm onun dili ilə danışmışdır.
Şairin qəzəllərini Allahın diliylə deyil, həzrət Adəmin diliylə yazdığına yəqinlik hasil etdikdən sonra “Məndə sığar ikən cahan” yerinə “Məndə sığar iki cahan” deməyin nə qədər yanlış olduğu dərhal aşkar olur. Guya burada iki cahandan biri Adəmin ilk olaraq yaşadığı cənnət, o birisi isə qovulduğu Yer kürəsi imiş. Necə yəni? Cənnət Adəmdən kiçik idimi ki, Adəmə sığsın? Yaradıldıqdan sonra yaşamaq üçün yerləşdirildiyi məkan onun özündən necə kiçik ola bilər? O məkan onun özü üçün yaradılmamışdırmı ki, onun içində yaşasın və onun hər naz-nemətindən istifadə etsin? Varlıq məkanı isə Adəmin özündən yaradılmışdır deyə Adəmdən kiçikdir, Adəmin içindədir. Ən çoxu Adəmin özü böyüklükdə ola bilər. Yəni yalnız həmin bu məkan, həmin bu cahan Adəmin içinə
sığandır. Və məhz içinə sığdığı üçün də özünün yalnız bu cahana sığa bilmədiyini, yalnız bu maddi cahandan böyük olduğunu deyir.
Budur. O böyük şairin yaradıcılığına tamamilə yeni yöndən işıq tutub cahillərin onun üzərinə çox böyük bir haqsızlıqla örtdükləri kafir pərdəsini siyirib atmağa çalışdım. Buna nə dərəcədə nail olduğumu yalnız arif
olanlar bilər. Amma tam əminəm ki, onun bir tək qəzəlinin üzərinə saldığım bu işıq bundan sonra onun bütün yaradıcılığının sirrini açmaq üçün nəsimişünaslara yardımçı olacaq. Çünki Nəsimi yaradıcılığına şair poeziyası kimi baxmaq düzgün deyildir; hər beytində bir dünya yatan bu qəzəllərin sahibi öz ruhani dünyası ilə bəşəriyyətin fövqündə duran elə tək-tük kamillərdəndir ki, bildiyi, yetdiyi həqiqəti,sadəcə, şerlə söyləmişdir. Həqiqət isə bir olduğu üçün şair bütün qəzəllərində yalnız və yalnız onu çatdırır insanlara. Fərq yalnız poetik ifadələrdə, təşbehlərdə, aforizmlərdə, rəmzlərdədir.
Qeyd etmək lazımdır ki, həm Nəsiminin sağlığında, həm də onun edamından sonra “Nəsimi” təxəllüsü ilə qəzəllər yazanlar çox olmuşdur. O “nəsimilər”in qəzəllərini əsl Nəsimiyə aid etmək onun həqiqətinin dərk edilməsində çətinlik yarada bilər. Misalçün, əgər qəzəldə deyilirsə “dərimi soydular”, o qəzəl kəsinliklə əsil Nəsiminin deyildir, çünki tarixi fakt bundan ibarətdir ki, onun dərisi boynu vurulduqdan sonra soyulmuş, dərisiz cəsədi Hələb darvazasından bir həftə asılı saxlanmışdır ki, digər hürufilərə dərs olsun; dərisi soyulan meyit dil açıb qəzəl deyəmməz. Və ya qəzəldə o özündən əhli-beyt aşiqi kimi söz açırsa, imam Əlidən mədət umursa, bu da kəsinliklə onun deyildir, böyük bir ehtimalla Xətai dövrünün hansısa qızılbaş “nəsimi”sinin qəzəlidir. Çünki özünə “mühiti-əzəməm, adım Adəmdir, Adəməm” deyən birisinin Yer insanlarından yardım umması, ”ya Əli, səndən mədət” deməsi, təbii ki, ağlabatan deyildir. Yəni Nəsimi həqiqətinin bu yazımdakı kimi açılışını qəbul edərkən qəzəllərdən hansının ona aid olub olmadığını anlamaq artıq o qədər də çətin olmayacaq.
Mən qəzəli şərh etməyə çalışdım; necə ki insan bədəni, Ay, Günəş görüntüləriylə bəyan olduqlarından onların görüntüləri şərhə sığar, qəzəl də, baxmayaraq ki, həzrət Adəmin diliylə deyilmişdir, insan oğluna qəzəl kimi bəyan olub maddiləşmişdir deyə bir maddiyyət kimi şərhə sığandır. Amma o qəzəlin içində böyük bir hikmət yatır ki, o hikmət o qəzəlin ruhudur, insan bədəninin, Ayın, Günəşin içində olan ruh kimi ilahidəndir deyə şərhü-bəyana, zənni-gümana, bizim lisana sığan deyil. Çünki ruh haqqında bilik yalnız Allaha məxsusdur.
Arif olanlar dediklərimi anladılarsa yazım şairin ruhuna ehsan olsun. Cahillər isə, sadəcə, şairə toxunmasınlar. Bir onu bilsinlər ki, belə bir şair nə ona qədər, nə də ondan sonra dünyaya gəlməmişdir.
(son)